Zuriko Davitaşvili Fransada klubunu dəyişdi – 6 milyon avroya

Futbol üzrə Gürcüstan millisinin və Fransanın “Bordo” klubunun sağ vingeri Zuriko Davitaşvili bundan sonra “Sent Etyen”də çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Sent Etyen” bu keçidə görə “Bordo”ya 6 milyon avro ödəyib. 23 yaşlı gürcü futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Zuriko Davitaşvili Tiflis “Dinamo”sunun yetirməsidir. O, “Lokomotiv” (Tiflis), “Rubin” (Kazan), “Rotor” (Volqoqrad), “Arsenal” (Tula), “Dinamo” (Batumi) kimi klublarda da forma geyinib. Gürcü futbolçu 2022-ci ilin avqust ayından formasını geyindiyi “Bordo”da 71 oyuna çıxıb, 14 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında da oynamış Davitaşvili, 2019-cu ilin sentyabr ayında əsas millidə debüt matçına çıxıb. O, Gürcüstan yığmasında 39 oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Sent-Etyen” Avstriyanın “Volfsberger” klubunun hücumameyilli yarımmüdafiəçisi Avqustin Boakyeni də transfer edib. Fransa klubu bu keçidə görə 3 milyon avro ödəyib. 23 yaşlı qanalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

Avqustin Boakye Qanada “Akkra”, “Vafa” kimi klubların formasını geyinib. 2021-ci ilin avqustundan “Volfsberger”də çıxış edən yarımmüdafiəçi bu komandanın heyətində 54 oyuna çıxıb, 15 qol vurub, 13 assist edib.

“Sent Etyen” Mərakeş yığmasının mərkəz müdafiəçisi Yunis Abdelhamidi də heyətinə qatıb. Bu yay “Reyms”dən azad agent kimi ayrılmış 36 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Yunis Abdelhamid daha öncə Fransada “Lattuaz”, “Arl-Avinyon”, “Valansyen”, “Dijon” kimi klubların da formasını geyinib. O, 2017-ci ildən çıxış etdiyi “Reyms”də 254 oyun keçirib, 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Mərakeş yığmasında da 15 oyuna çıxıb, 1 assist edib.

“Reyms” daha iki futbolçusu ilə vidalaşdı

Yeri gəlmişkən, “Reyms” Yunis Abdelhamidlə yanaşı, daha iki futbolçusu ilə yollarını ayırıb. 20 yaşlı qvineyalı sağ cinah müdafiəçisi İbrahim Diakite 700 min avroya Belçika “Brügge”sinə satılıb. O, yeni klubu ilə 4 illik müqavilə bağlayıb. Əslən Malidən olan 21 fransalı mərkəz müdafiəçisi Şeyk Keyta isə Belçikanın digər klubu “Şarlerua”ya keçib. Bu transferin maddi detalları açıqlanmasa da, gənc futbolçunun yeni klubu ilə 3+1 illik müqavilə bağladığı bildirilir.

Qeyd edək ki, hər iki futbolçu “Reyms”in öz yetirməsidir. Onlar bu klubun əsas komandasında 10 oyun keçiriblər. Keyta vaxtilə “Bastiya”da, Diakite isə “Eupen”də icarədə də oynayıb.