FIFA-nın mətbuat xidməti 2025-ci ildə 32 komandanın iştirakı ilə keçiriləcək yenilənmiş Klub Dünya Kuboku haqda məlumat verib.
Arena.az məlumat verir ki, klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısı açıqlanıb.
Avropadan UEFA Çempionlar Liqasında qələbə yolu ilə seçilmiş 4 klub turnirdə iştirak edəcək. Bunlardan hələlik üçünün adı məlumdur: “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Mançester Siti” (İngiltərə). Həmçinin cari turnirin qalibi olacaq klub da bu siyahıya daxil olacaq.
Reytinqinə görə daha 8 klub Avropadan turnirə qatılacaq. Artıq beş klubun adı bəllidir: “Bayern” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Portu” və “Benfika” (hər ikisi Portuqaliya).
Turnirdə mütləq iştirak edəcəklər: “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika) , “Sietl Saunders” (ABŞ), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), həmçinin “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya).
Yenilənmiş tərtibatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-nə qədər Amerika Birləşmiş Ştatlarında keçiriləcək və 4 ildən bir təşkil ediləcək. Yarış 2022 FIFA Dünya Kuboku və 2023 FIFA Qadınlararası Dünya Kuboku ilə eyni tərtibatda olacaq. Yalnız 3-cü yer uğrunda oyun keçirilməyəcək.


