Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş və sayca 20-ci olan futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, bu gün mundialda daha bir qarşılaşma baş tutub.
Yarımfinal mərhələsinin ilk görüşündə Misirin “Əl-Əhli” komandası Braziliyanın “Fluminense” kollektivi ilə qarşılaşıb. Braziliyalılar bu oyunda inamlı qələbə qazanmaqla finala vəsiqə əldə ediblər – 2:0. “Fluminense”nin qollarını Con Arias (71-ci dəqiqədə penaltidən) və Con Kennedi (90) vurublar.
Mundialın digər yarımfinal görüşü sabah Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək. Qalib gələn komanda finalda, uduzan kollektiv isə üçüncü yer uğrunda oynamaq hüququ qazanacaq.
Qeyd edək ki, final və üçüncü yer uğrunda qarşılaşmalar ayın 22-nə təsadüf edəcək.
2023-cü ildə planetin ən güclü klub komandasını müəyyən etmək üçün keçirilən FIFA Klub Dünya Kubokuna bu mövsüm bütövlükdə 7 komanda qatılıb. Bunlar İngiltərənin “Mançester Siti”, Braziliyanın “Fluminense”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarıdır. “Oklend Siti” ilkin mərhələdə “Əl-İttihad”a 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. “Əl-İttihad” özü isə “Əl-Əhli”yə 1:3 hesabıyla uduzaraq turnirdən kənarda qalb. “Leon” da “Urava Red Daymonds”a uduzub – 0:1.
Sonda onu da xatırladaq ki, FIFA Klub Dünya Kuboku yarışın müvafiq tərtibatda keçiriləcəyi sonuncu turnir olacaq. 2025-ci ildən FIFA Klub Dünya Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulub.


