Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş və sayca 20-ci olan futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, bu gün mundialda daha bir qarşılaşma baş tutub.
Yarımfinal mərhələsinin sonuncu görüşündə Yaponiyanın “Urava Red Daymonds” və İngiltərənin “Mançester Siti” komandaları qarşılaşıblar. Görüşün favoriti olan Avropa təmsilçisini rəqibini 3 cavabsız qolla məğlub edib. İlk hissədə rəqib futbolçu Hoibraatenin avtoqolu ilə önə keçən İngiltərə çempionu 52-ci dəqiqədə Mateo Kovaçiç və 59-cu dəqiqədə Bernardo Silvanın vurduğu qollarla 3:0 hesablı qələbəyə sevinib.
Bir gün öncə baş tutan mundialın digər yarımfinal görüşündə Braziliyanın “Fluminense” komandası Misir təmsilçisi “Əl-Əhli”dən güclü olmuşdu – 2:0.
Beləliklə, dünya çempionatının həlledici oyununda “Mançester Siti” və “Fluminense” komandaları üz-üzə gələcəklər. Bu komandaların yarımfinalda məğlub etdikləri kollektivlər isə 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.
Final və üçüncü yer uğrunda qarşılaşmalar dekabrın 22-nə təsadüf edəcək.
2023-cü ildə planetin ən güclü klub komandasını müəyyən etmək üçün keçirilən FIFA Klub Dünya Kubokuna bu mövsüm bütövlükdə 7 komanda qatılmışdı. Bunlar İngiltərənin “Mançester Siti”, Braziliyanın “Fluminense”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarıdır. “Oklend Siti” ilkin mərhələdə “Əl-İttihad”a 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. “Əl-İttihad” özü isə “Əl-Əhli”yə 1:3 hesabıyla uduzaraq turnirdən kənarda qalb. “Leon” da “Urava Red Daymonds”a uduzub – 0:1.
Sonda onu da xatırladaq ki, FIFA Klub Dünya Kuboku yarışın müvafiq tərtibatda keçiriləcəyi sonuncu turnir olacaq. 2025-ci ildən FIFA Klub Dünya Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulub.


