“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının klublararası dünya çempionatını qazanmasını şərh edib.
Arena.az xatırladır ki, FIFA Klub Dünya Kubokunun finalında Qvardiolanın “şəhərlilər”i “Fluminense”ni 4:0 hesabı ilə məğlub ediblər.
“Bu il heyrətamiz oldu. Bu gün fəsli bağladıq. Əlimizdən gələn hər şeyi qazandıq. İndi yenidən cəhd etməyin vaxtıdır.
Oyunun əvvəlində bir az bəxtimiz gətirdi – erkən qol vurduq, amma sonra onlar inanılmaz 10-12 dəqiqə oynadılar. Bu, bizə oyunun nə qədər çətin olacağını başa saldı. İkinci qol bizə kömək etdi, amma bəlkə də buna layiq deyildik. İkinci hissədə biz bir neçə şeyi dəyişdik və çox, daha yaxşı oynamağa başladıq”, BBC Qvardiolanın sözlərini sitat gətirir.
Vurğulayaq ki, bu qələbə sayəsində Qvardiola FIFA Klub Dünya Kubokunu ən çox – 4 dəfə qazanmış məşqçi olub.
Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb. “Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar.
Ümumiyyətlə “Pep” “Mançester Siti”yə tarixinin ən şanlı dövrünü yaşadıb və “şəhərlilər”ə bütün mümkün qənimətləri qazandırıb.
Qvardiola daha öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” komandalarını çalışdırıb.


