Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 14-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Sumqayıt” səfərdə “Ordu” ilə qarşılaşıb. “Sumqayıt” “Sərhədçi” İdman Mərkəzində baş tutmuş bu oyunda 100:96 hesablı qələbəyə sevinib. Bununla da “Ordu”nun cari mövsümdəki ardıcıl 13 oyunluq qələbə seriyasına son qoyulub.
Tura yanvarın 25-də yekun vurulacaq.
A qrupu: Abşeron Lions – 25. Sabah – 23. Neftçi – 18. Gəncə – 17. Şəki – 15. NTD – 13.
B qrupu: Ordu – 27. Naxçıvan – 23. Sumqayıt – 19. Lənkəran – 17. Sərhədçi – 17. Quba – 17.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.


