“Antalyaspor” bir qapıçı və bir yarımmüdafiəçi ilə gücləndi

Türkiyənin “Antalyaspor” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı qapıçı Helton Leyte və makedoniyalı yarımmüdafiəçi Erdal Rakipi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Heltonla 1.5, Erdalla 2.5 illik müqavilə imzalanıb. “Antalyaspor”un hər iki futbolçunu azad agent kimi heyətinə cəlb etdiyi iddia olunur.

İsveçdə dünyaya göz açmış Erdal Rakip peşəkar karyerasına da yetirməsi olduğu “Malmö”də başlayıb. 2018-2019-cu illər aralığında “Benfika” və “Kristal Pelas” kimi klubların heyətinə cəlb olunan yarımmüdafiəçi, bu komandalarda forma şansı qazanmayıb. Bu üzdən də o, 2019-cu ilin fevral ayında yenidən doğma klubu “Malmö”yə qayıdıb. 26 yaşlı futbolçu bu komandanın heyətində bütövlükdə 257 oyuna çıxıb, 22 qol vurub və 22 məhsuldar ötürmə müəllifi olub. 2018-ci ilə qədər İsveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erdal, 2021-ci ildə Şimali Makedoniya milli komandasına dəvət olunub. O, millidə 2 oyun keçirib.

Helton Leyte isə 2020-ci ildən Portuqaliyanın “Benfika” klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 34 oyun keçirib. 32 yaşlı qapıçı daha öncə “Boavişta”, “San Kaetano”, “Botafoqo”, “Krisiuma”, “İpatinqa”, “Boa” və “Maluselli” kimi klubların da formasını geyinib.

Helton Leyte Antalya təmsilçisində 90, Erdal Rakip isə 6 nömrəli formanı geyinəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: