Anton Krivotsyuk Cənubi Koreyada meydandan qovuldu

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 6-cı turu çərçivəsində “Suvon”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə səfərdə üz-üzə gəlib. Səkkiz qolun qeydə alındığı oyun futbolçumuzun komandasının çətin məğlubiyyəti ilə başa çatıb – 3:5.

Anton bu görüşə start heyətdə başlayıb. Lakin o, matçı başa çatdıra bilməyib. Buna millimizin üzvünün 76-cı dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Xatırladaq ki, bu, onun Cənubi Koreya çempionatındakı altıncı matçı idi. Milli üzvü bu oyunlarda bir məhsuldar ötürmə, bir sarı və bir qırmızı vərəqə müəllifi olub.

“Daejeon Hana Sitizen” 6 turdan sonra topladığı 11 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 29 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: