Futbol üzrə Azərbaycan Premyer Liqasının cari mövsümünün lideri “Sabah”ın alman hücumçusu Coy-Lens Mikels sıradan çıxıb.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Qarabağ”la qarşılaşmış paytaxt təmsilçisi bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılaraq çempionluğa daha da yaxınlaşıb.
Amma turun mərkəzi qarşılaşması “bayquşlar”ın əsas qol silahı üçün uğursuz başa çatıb. Belə ki, o, Ağdam təmsilçisi ilə matçda üzündən zədə alıb. İlkin müayinənin nəticəsinə görə, hücumçunun üz nahiyyəsində sınıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mikelsin nə vaxt sıraya dönəcəyi hələ məlum deyil.
Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcuddur. O, “Sabah”da bütövlükdə 134 oyuna 70 qol və 32 məhsuldar ötürmə müəllifi olub.
Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.


