Azərbaycanın qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Mingəçevir təmsilçisi turnirin 3-cü təsnifat mərhələsinin ilk matçında Şimali Makedoniyanın “Çair” komandası ilə üz-üzə gəlib.
Mingəçevirdə təşkil edilmiş qarşılaşma kifayət qədər gərgin mübarizə şəraitində keçib. İlk hissəni meydan sahibləri 14:13 hesabı ilə öndə başa vursalar da, fasilədən sonra qonaqlar üstünlüyü ələ keçirərək yekunda 27:24 hesablı qələbə qazanıblar.
Beləliklə, “Kür” cavab qarşılaşması öncəsi 3 top fərqi ilə geridədir. Mingəçevir klubu növbəti görüşdə bu fərqi aradan qaldıraraq mərhələni keçməyə çalışacaq.
Tərəflər arasında cavab oyunu da noyabrın 15-də yenə Mingəçevirdə keçiriləcək. Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.
Qeyd edək ki, “Kür” 3-cü təsnifat mərhələsinə qədər Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi hər iki oyunda rəqibinə qalib gəlib – 40:18 və 39:13.


