Harri Keyn: “Bayern” olmasaydı, “Qızıl top”u qazana bilməzdim”

“Bayern”in və İngiltərə milli komandasının hücumçusu Harri Keyn “Qızıl top”u qazanmasında Münhen klubunun rolundan danışıb.

Arena.az xəbər verir ki, 33 yaşlı forvard “Bayern & Germany”yə açıqlamasında Almaniya klubuna keçidinin karyerasında mühüm dönüş nöqtəsi olduğunu bildirib.

Keyn Almaniyaya yollanmağın həm özü, həm də ailəsi üçün böyük qərar olduğunu qeyd edib:

“Bayern”ə keçid karyeramda böyük addım, həmçinin ailəm üçün mühüm hadisə idi. Özümə yeni çağırış etmək və daha hansı səviyyəyə çata biləcəyimi görmək istəyirdim. Bu kluba qoşulduğum gündən burada inanılmaz dərəcədə isti qarşılandım. “Qızıl top”a gedən bütün yol boyunca klubun, əməkdaşların, məşqçinin və komanda yoldaşlarımın dəstəyini hiss etmək həqiqətən xüsusi idi. Onların dəstəyi olmadan “Qızıl top”u qazana bilməzdim. Mən həmişə özümə inanmışam və hansı səviyyəyə çata biləcəyimi bilirdim”.

İngiltərə millisinin üzvü “Bayern”də keçirdiyi illərin onun bombardirlik potensialını tam ortaya çıxarmasına kömək etdiyini vurğulayıb:

“Bayern” kimi bir kluba baxanda, burada daim böyük oyunlar keçirilir, kuboklar qazanılır və qollar vurulur. Belə bir mühitdə əvvəllər məndən heç kimin görmədiyi səviyyəyə çata biləcəyimi başa düşdüm. “Bayern”ə keçidim buna nail olmağıma kömək etdi. Komanda və klub ətrafındakı bütün atmosfer mənə yeni mərhələyə yüksəlməyə imkan verdi. Məncə, “Bayern”in “Qızıl top”u qazanmağımdakı rolu məhz bundan ibarət olub”.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçirilib. Harri Keyn karyerasında ilk dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

İngiltərəli hücumçu 2023-cü ilin yayından “Bayern”in formasını geyinir. O, Münhen klubuna Londonun “Tottenhem” komandasından keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: