İraq İran millisinin təyyarəsinə eniş icazəsi vermədi

İraq futbol üzrə İran milli komandasını daşıyan təyyarənin bu ölkənin Bəsrədəki hava limanına enişinə icazə verməyib.

Arena.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, buna səbəb ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar olub. İran konsulluğunun Bəsrədəki əməkdaşının sözlərinə görə, təyyarə İrana geri qayıdıb və Əbadan hava limanına enib. Milli komandanın Bəsrəyə quru yolu ilə getməsi planlaşdırılır.

İran yığması İran, İraq, Livan və Fələstin komandalarının iştirakı ilə keçiriləcək turnirdə iştirak etmək üçün İraqa yollanır. Komanda ilk oyununu noyabrın 14-də Fələstin millisinə qarşı keçirəcək.

İran millisinin media direktoru Möhsən Motamedi Kia isə ABŞ-ın İraq hökumətinə təzyiq göstərərək daha əvvəl verilmiş uçuş icazəsinin son anda ləğv etdirildiyini iddia edib.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ İranla bağlı sanksiya siyahısına aviasiya sahəsində fəaliyyət göstərən 35 şirkət və digər qurumu əlavə edib. Sentyabrın 21-də isə ABŞ-ın maliyyə naziri Skott Bessent İran aviaşirkətlərinin sentyabrın 23-dən etibarən xarici reysləri dayandırmalı olacağını bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: