Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze “Bayern”in forvardı Harri Keynin çıxışını yüksək qiymətləndirib.
Arena.az xəbər verir ki, əfsanəvi bombardir ingiltərəli hücumçunun oyun keyfiyyətlərini təhlil edib və onun hazırda “Bayern”də öz imkanlarını daha yaxşı göstərdiyini bildirib:
“Keyn həmişə qol vurub. Lakin düşünürəm ki, indi onun ətrafındakı futbolçular bir qədər fərqlidir və daha çox ixtisaslaşıblar. Komandanın oyunu xüsusilə cərimə meydançasında və onun ətrafında daha çox Keynin üzərində qurulub. Eyni zamanda, yanında rəqib üçün böyük təhlükə yaradan futbolçular oynayır.
Məsələn, Maykl Olisenin üzərinə rəqiblərin nə qədər tez-tez iki futbolçu ilə getdiyinə baxın. Bu, onun nə qədər istedadlı və yüksək səviyyəli oyunçu olduğunu göstərir. Təbii ki, bu, Keynə əlavə sərbəstlik verir.
Amma onun yüksək səviyyəsi həmişə görünürdü. O, hazırkı mövqeyə çatmaq üçün inanılmaz dərəcədə çox çalışıb. Məhz buna görə “Qızıl top”a layiqdir. O, həm də nümunə götürüləsi əla futbolçudur. Mən tez-tez oyunçularıma deyirəm ki, Keyndən nümunə götürsünlər. Gənc futbolçularda onun illər ərzində qazandığı instinkt və təcrübə hələ ola bilməz”, – Kloze deyib.


