Basketbol üzrə Türkiyə çempionatında mübarizə aparan “Trabzonspor” klubunda əsas komandanın baş məşqçisi Selçuk Ernak istefaya göndərilib.
Arena.az xəbər verir ki, sözügedən komanda FIBA Çempionlar Liqasının 4-cü turunda Azərbaycanda “Sabah”a məğlub olduqdan sonra baş məşqçinin vəzifəsinə son verib.
A qrupunda mübarizə aparan Trabzon klubu Bakıdakı Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada “Sabah”a 72:91 hesabı ilə uduzub.
Matçdan sonra Türkiyə klubu Ernakla yolların ayrıldığını rəsmən açıqlayıb. Klubun bəyanatında deyilir: “Basketbol komandamızda baş məşqçi vəzifəsində çalışan Selçuk Ernakın fəaliyyətinə son verilmişdir. Selçuk Ernaka gələcək karyerasında uğurlar arzulayırıq”.
Qeyd edək ki, “Sabah” bu qələbə sayəsində Çempionlar Liqasının A qrupunda 6 xala yüksəlib. Eyni xala malik “Trabzonspor” da qrupda ikinci pillədə qərarlaşıb. “Ritas”ın 5, “Nanter”in isə 4 xalı var.


