Futbol üzrə İspaniya milli komandasının və “Barselona”nın ulduz hücumçusu Lamin Yamal Azərbaycanı Qazaxıstanla səhv salıb.
Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu azarkeşlər üçün hazırlanmış hədiyyə kampaniyası ilə bağlı yayımlanan yeni videosunda gözlənilməz səhvə yol verib.
Videoda Lamin Yamal küçədə azarkeşlərə qulaqcıqlar paylayır. Kampaniya çərçivəsində əsas mükafat kimi “qızıl bilet” də hazırlanıb. Bu bileti qazanan şəxs UEFA Çempionlar Liqasının oyununa iki bilet və Yamalın imzaladığı bir cüt futbol butsisi əldə edəcək.
Futbolçudan qalibin hansı Çempionlar Liqası oyununa göndərilməsini istədiyi soruşulduqda isə o, bir neçə dəfə “Qazaxıstan” sözünü işlədib:
“Əgər bu məndən asılı olsaydı, onlara Qazaxıstandakı oyuna biletlər verərdim və ora göndərərdim. Qoy Qazaxıstandakı oyuna getsinlər”.
Maraqlıdır ki, videonun montajı zamanı Yamalın əslində Azərbaycanı nəzərdə tutduğu ekranda ayrıca qeyd edilib.
Yamalın bu səhvi “Barselona”nın qarşıdakı Çempionlar Liqası matçı fonunda baş verib. Kataloniya klubu noyabrın 25-də turnirin əsas mərhələsinin 5-ci turunda Bakıda “Sabah”la qarşılaşacaq. Görüşün Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılır.
“Barselona”nın Bakıya səfərinə az vaxt qalmış Yamalın Azərbaycanı Qazaxıstanla qarışdırması sosial şəbəkələrdə diqqət çəkən məqamlardan birinə çevrilib.


