“Sabah” “Trabzonspor”u məğlub yola saldı

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün FİBA Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, A qrupunda mübarizə aparan Bakı təmsilçisi 4-cü tur çərçivəsində Türkiyənin “Trabzonspor” kollektivini qəbul edib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşma Azərbaycan çempionunun inamlı qələbəsi ilə başa çatıb – 91:72.

Görüşün ilk hissəsi 18:18 hesablı heç-heçə ilə yekunlaşıb. İkinci periodda 22:13 hesabı ilə üstünlük qazanan Bakı klubu fasiləyə 40:31 öndə yollanıb. Üçüncü periodda komandalar 20:21 hesabı ilə “Trabzonspor”un xeyrinə nəticə göstərsə də, təmsilçimiz sonuncu periodda 31:20 hesabı ilə qalib gələrək yekun nəticəni müəyyənləşdirib.

Bakı komandasının heyətində Çarlz Menninq 20 xalla ən məhsuldar oyunçu olub. Frenki Fidler 18, Cerri Bleks 17, Nikolas Perkins 14, Mindauqas Susinskas isə 12 xal toplayıb.

Beləliklə, “Sabah” 4 turdan sonra 6 xal toplayıb. Eyni xala malik “Trabzonspor” da qrupda 6 xalla qərarlaşıb. “Ritas”ın 5, “Nanter”in isə 4 xalı var.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl səfərdə “Ritas”a (73:82) və “Trabzonspor”a (83:100) məğlub olub, evdə isə “Nanter”ə (87:80) qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: