“Sumqayıt”ın 2 futbolçusu – Sedrik Badolo və İmani Barker beynəlxalq turnirlərdə ölkələrinin şərəfini qorumaq üçün milliyə çağırılıb.
Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, yarımmüdafiəçi Sedrik Badolo Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə keçiriləcək matçlar üçün Burkina Faso yığmasına cəlb olunub.
Müdafiəçi İmani Barker isə CONCACAF Millətlər Liqasının B Liqası çərçivəsində keçiriləcək Kayman Adaları və Puerto Riko ilə qarşılaşmalarda Qayana yığmasının formasını geyinəcək.
Badolo bu ildən formasını geyindiyi “Sumqayıt”da 26 oyuna çıxıb, 1 qol vurub. 28 yaşlı futbolçu ölkəsinin millisində də 32 oyun keçirib, 3 assistlə yadda qalıb.
İmani Barker də bu ildən “Sumqayıt”da çıxış edir və bu komandanın heyətində cəmi 4 oyuna çıxıb. 24 yaşlı cinah müdafiəçisi Qayana yığmasına da bu ildən dəvət alır. O, millidə 2 oyuna 1 assist müəllifi olub.


