Aleksey Kaşuk: “Bu şans üçün yaşayırsan və oynayırsan”

“Qarabağ”ın ukraynalı vingeri Aleksey Kaşuk karyerasında ilk dəfə futbol üzrə Ukrayna milli komandasına dəvət alması barədə danışıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu milli komandaya çağırılmağını özü və ailəsi üçün böyük sevinc və məsuliyyət kimi qiymətləndirib.

Kaşuk bu anı çoxdan gözlədiyini bildirib: “Mənim üçün çox məsuliyyətli məqamdır, çünki bu, Ukrayna millisində ilk dəvətimdir. Bu xəbərə çox sevindim. Bu anı çoxdan gözləyirdim. Başa düşürəm ki, bu, həm mənim, həm də ailəm üçün böyük sevincdir. Bu andan 100 faiz zövq almaq istəyirəm”.

Aleksey Kaşuk milli komandaya dəvətin onun üçün bir qədər gözlənilməz olduğunu da etiraf edib. Bununla belə, futbolçunun sözlərinə görə, hər bir oyunçu belə fürsəti gözləyir: “Həmişə bu şansı gözləyirsən. Bu şans üçün yaşayırsan, oynayırsan. Başa düşürəm ki, böyük ehtimalla bu dəvətə layiq görülmüşəm, çünki baş məşqçi məni milli komandaya çağırıb”.

“Qarabağ”ın “Neftçi” ilə oyunundan sonra dəvət xəbərini aldığını açıqlayan Kaşuk bildirib: “Oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və dedi ki, baş məşqçi səni bu toplanışa çağırır. Bəzi sənədləri hazırla və milli komandaya xoş gəlmisən”.

Futbolçu milli komandaya düşmək üçün uzun müddət çalışdığını vurğulayıb: “Əvvəlcə çox gözlənilməz oldu, amma dediyim kimi, bura gəlməyi çox istəyirdim və bunun üçün çox çalışmışam. Ona görə də şansımdan 100 faiz istifadə etmək üçün əlimdən gələni edəcəyəm”.

Aleksey Kaşuk milli komandada isti qarşılandığını da qeyd edib. O, komanda yoldaşlarının onun dəvətinə sevindiyini, baş məşqçinin isə şəxsən onu təbrik etdiyini bildirib.

“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışlarının onun diqqət mərkəzinə düşməsində rol oynadığını deyən Kaşuk hazırda Azərbaycan klubunun turnirdə iştirak etməməsinə baxmayaraq milli komandaya dəvət almasını məşqçilər korpusunun müxtəlif liqaları izləməsi ilə əlaqələndirib: “Hər bir futbolçu üçün özünü göstərmək, özünü tanıtmaq və milli komandaya düşmək imkanı var. Əgər oynayırsansa, nəticə göstərirsənsə və komandan qalib gəlirsə, daim diqqət mərkəzində olacaqsan və milli komandaya düşmək üçün öz şansını gözləyəcəksən”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: