İtaliyanın “Komo” klubunda çıxış edən ispaniyalı qapıçı Robert Sançes Almaniyanın məşhur “Nürburqrinq” yarış trasında qəza törədib.
Arena.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Hadisə noyabrın 9-da baş verib. 28 yaşlı qolkiper həvəskar yarışlar zamanı idarə etdiyi “Ferrari 488 Challenge Evo” avtomobilinə nəzarəti itirib. Təxminən 400 min dollar dəyərində olan superkar trasın döngələrindən birində yoldan çıxaraq təhlükəsizlik baryerinə çırpılıb.
Şahidlərin sözlərinə görə, qəza anında avtomobilin sürəti saatda təxminən 113 kilometr olub. Toqquşma nəticəsində “Ferrari”nin ön hissəsinə ciddi ziyan dəyib.
Trasın əməkdaşları avtomobili ərazidən çıxarmaq, yola səpələnmiş hissələri təmizləmək və zədələnmiş təhlükəsizlik baryerini bərpa etmək üçün yarış zolağını təxminən bir saatlıq bağlayıblar.
Robert Sançes qəzadan xəsarətsiz qurtulub. Futbolçu avtomobildən özü çıxıb və hətta tras əməkdaşlarına kuzovun qalıqlarını toplamaqda kömək edib. İspaniyalı qapıçı artıq ertəsi gün Belçikanın “Spa-Frankorşamp” avtodromunda tamaşaçı qismində görüntülənib.
Robert Sançes “Komo”da Londonun “Çelsi” klubundan icarə əsasında çıxış edir. İcarə müqaviləsi 2026/2027-ci illər mövsümünün sonuna qədər qüvvədədir.


