Joao Pereyra qovuldu, Uğur Uçar yeni baş məşqçi oldu

Türkiyənin “Alanyaspor” klubu baş məşqçisi Joao Pereyra ilə yollarını ayıraraq onun əvəzində bu posta Uğur Uçarı gətirdiyini bəyan edib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Joao Pereyra ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib. Klub rəhbərliyi portuqaliyalı mütəxəssisə komandaya verdiyi töhfələrə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

“Alanyaspor” yeni baş məşqçi kimi Uğur Uçarı təyin edib. 2027/2028-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş 1,5 illik sözləşməyə imza atan mütəxəssis komandanın başında ilk dəfə çalışacaq.

Klubun prezidenti Həsən Çavuşoğlu Uğur Uçarın qarşıya məqsədlər qoyan, çalışqan və yeni nəsil məşqçilərdən biri olduğunu bildirib. O, yeni baş məşqçiyə güvəndiklərini və Uçarın “Alanyaspor”u daha yüksək pillələrə daşıyacağına inandıqlarını vurğulayıb.

Uğur Uçar isə yeni vəzifəsindən məmnun olduğunu deyib:

“Alanyaspor” türk və dünya futboluna çox dəyərli məşqçilər və futbolçular qazandıran bir klubdur. Biz də bunun qarşılığını vermək üçün buradayıq. Həm futbolçu yetişdirən, həm də mübarizə aparan komanda olacağıq. Göstərdiyi futbolla adından söz etdirən “Alanyaspor” formalaşdıracağımıza söz verirəm”.

Qeyd edək ki, “Alanyaspor” Super Liqada son olaraq evdə “Trabzonspor”a 0:2 hesabı ilə məğlub olub. Komanda milli fasiləyə 11 oyundan sonra 12 xalla 13-cü pillədə yollanıb. Antalya təmsilçisi bu matçlarda 9 qol vurub, qapısında isə 18 top görüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: