FIFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri, bu posta namizədliyini açıqlamış Canni İnfantinonu sərt tənqid edib.
Arena.az xəbər verir ki, Blatter İnfantinonu “diktator” adlandırıb:
“İnfantino diktatordur. FIFA-dakı insanlar mənə deyirlər ki, heç kim onunla eyni liftdən istifadə edə bilməz. O, toxunulmazdır”, – Blatter bildirib.
87 yaşlı funksioner İnfantinonun artıq reallıq hissini itirdiyini də iddia edib:
“İnfantino artıq heç bir sərhəd tanımır. O, reallıqla əlaqəsini tamamilə itirib. Bəlkə də İnfantinonu psixiatriya xəstəxanasına göndərmək lazımdır”.
Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. İsveçrəli funksioner daha sonra iki dəfə seçkilərdə alternativ namizəd olmadan yenidən bu vəzifəyə seçilib. FIFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
İnfantino son aylarda FIFA-nın maliyyə və idarəetmə təşəbbüsləri ilə bağlı da tənqidlərlə üzləşib. Belə ki, iyul ayında onun təşkilatın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi barədə məlumat yayılmışdı.
FIFA-nın təqdim etdiyi plana əsasən, “FIFA Forward Enterprise” adlandırılan şirkətin yaradılması üzv assosiasiyaların gəlirlərini artırmağa və dünya futbolunun inkişafına töhfə verməsi nəzərdə tutulurdu. FIFA bu layihənin 4,2 milyard dollaradək gəlir gətirə biləcəyini açıqlamışdı.
Lakin təşəbbüs bir sıra futbol qurumlarının sərt etirazı ilə qarşılaşıb. UEFA, CONCACAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) layihəyə qarşı çıxıblar. Sonradan isə İnfantinoya Afrika Futbol Konfederasiyası, Argentina Futbol Assosiasiyası və bir sıra digər milli federasiyalar dəstək verib.
Oktyabrın 23-də AFC prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə 2027-ci ildə keçiriləcək FIFA prezident seçkisində İnfantinonun namizədliyini dəstəkləyəcəklərini açıqlayıb.


