Azərbaycanın “Landau Lions” basketbol komandası Avropa Kubokunda qrup mərhələsinin 6-cı turunda məğlubiyyətlə üzləşib.
Arena.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi komanda səfərdə İsveçrənin “Lions de Geneve” klubunun qonağı olub.
Görüş meydan sahiblərinin 85:77 hesablı qələbəsi ilə başa çatıb. İlk periodu 26:20 hesabı ilə öndə tamamlayan Azərbaycan təmsilçisi sonrakı hissələrdə üstünlüyünü qoruya bilməyib.
Avropa Kuboku
G qrupu, 6-cı tur
11 noyabr
“Lions de Geneve” (İsveçrə) – “Landau Lions” (Azərbaycan) – 85:77
Periodlar: 20:26, 23:16, 19:16, 23:23
Azərbaycan klubunun heyətində ən məhsuldar basketbolçu 34 xalla De’Ondre Cekson olub. Edvard Polayt 14, Arnas Sakenis 13, Jordan Perkins 10, Gediminyas Orelik isə 6 xal toplayıblar.
“Landau Lions”: Kervin Uolton, İsmayıl Abdullayev, De’Ondre Cekson (34), Nicat Məmmədli, Jordan Perkins (10), Gediminyas Orelik (6), Erhan Donat, Edvard Polayt (14), Tamerlan Novruzlu, Rəsul Məmmədzadə, Arnas Sakenis (13).
Bu, Azərbaycan klubunun qrup mərhələsində 5-ci məğlubiyyəti olub. Komanda daha əvvəl “Lions de Geneve”yə (83:105), “Prievidza”ya (84:108), “Bakken Bears”a (88:91) və “Benfika”ya (76:97) uduzub, “Denizli Basket” üzərində isə 94:86 hesablı qələbə qazanıb.
6 turdan sonra “Lions de Geneve” 10 xalla G qrupuna başçılıq edir. “Benfika” və “Bakken Bears”ın hərəsinin 9, “Denizli Basket” və “Prievidza”nın 8, Azərbaycan təmsilçisinin isə 7 xalı var.


