“Mançester Yunayted” üçün Poçettino, Konte və Hau variantı

İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirən “Mançester Yunayted”də baş məşqçi Maykl Karrikin gələcəyi sual altındadır.

Arena.az xəbər verir ki, klub rəhbərliyi komandanın uğursuz nəticələrindən narazıdır və Karrikin yaxın günlərdə istefaya göndərilməsi ehtimalını nəzərdən keçirir.

“Qırmızı şeytanlar”ın yeni baş məşqçi postuna əsas namizəd kimi hazırda “Nyukasl”ın sabiq çalışdırıcısı Eddi Hau göstərilir. Bununla yanaşı, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino da namizədlər siyahısındadır.

54 yaşlı argentinalı mütəxəssis avqust ayında ABŞ millisi ilə müqaviləsini 2030-cu ilədək uzadıb. Buna baxmayaraq, onun müqaviləsində təzminat məbləğinin olduğu və Mançester klubunun həmin bəndi aktivləşdirərək Poçettinonu millidən ayıra biləcəyi bildirilir.

Poçettinonun mümkün təyinatı isə İngiltərə nəhənginin futbolçuları arasında birmənalı qarşılanmayıb. “TalkSport”un məlumatına görə, komandanın bəzi üzvləri “Aston Villa”nın baş məşqçisi Unai Emerini Poçettinodan daha güclü mütəxəssis hesab edir və rəhbərliyin məhz ispaniyalıya üstünlük verməsini istəyirlər. Lakin Emerini Birmingem klubundan ayrılmağa razı salmaq çətin görünür. Onun “Aston Villa” ilə yeni uzunmüddətli müqavilə imzalamağı planlaşdırdığı bildirilir.

Bundan başqa, “Mançester Yunayted”ə rəhbərlik etmək istəyən daha bir məşhur mütəxəssis üzə çıxıb. “Foot Mercato”nun məlumatına əsasən, hazırda klubsuz olan Antonio Konte İngiltərə nəhənginin baş məşqçi postuna maraq göstərir. 57 yaşlı italiyalı çalışdırıcının namizədliyini klub rəhbərliyinə çatdırmaq üçün tanınmış agent Pini Zahavidən kömək istədiyi bildirilir.

Konte iyun ayında “Napoli”dən ayrıldıqdan sonra işsizdir. O, məşqçilik karyerası ərzində “Yuventus”la üç, “İnter” və “Napoli” ilə isə bir dəfə İtaliya çempionu olub. Bundan əlavə, “Çelsi” ilə İngiltərə Premyer Liqasının qalibi adını qazanıb.

“Mançester Yunayted”in hazırkı vəziyyəti isə kifayət qədər ağırdır. Komanda Premyer Liqada 10 turdan sonra cəmi 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində, yəni aşağı liqaya düşmə zonasında qərarlaşıb. Mankunianlar çempionatda artıq 8 oyundur qələbə qazana bilmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: