Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 10-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
İkinci Liqa, 10-cu tur
“Şəmkir” – “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Şəmkir” buna görə 1000 manat cərimə edilib. “Ağstafa Gəncləri”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa komandası 70 manat cərimə edilib.
“Hypers” – “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 200 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” daha 500 manat cərimə ödəyəcək. “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə ödəyəcək.
“Difai”– “Zəngəzur” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyunun 84-cü dəqiqəsində “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Difai” buna görə də 1000 manat cərimə ödəyəcək.


