Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçiriləcək matçdan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz sözügedən rəqiblə sabah səfərdə qarşılaşacaq.
Ayxan Abbasov bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoxlama matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik. Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”.
Ayxan Abbasov oyun ərəfəsində kənar söz-söhbətlərə fikir vermədiklərini, ancaq Lixtenşteynlə görüşə kökləndiklərini vurğulayıb:
“Toplanışlar zamanı futbolçularla söhbətlərimiz olur. Müasir zəmanədir, bir çox futbolçular sosial şəbəkələrdən istifadə edirlər. Neqativdən uzaq qalmağa çalışırıq. Oyunçularla son görüşümüzdə də Lixtenşteyn komandasını təhlil etdik. Çünki tam oyuna köklənmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı müəyyən tənqidlər ola bilər, bu normaldır. Lakin biz hər xırda detala fikir versək, ziyanımıza işləyə bilər. Bizə qarşı olan tənqidlərin cavabını qələbə ilə verə bilərik”.
Noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


