İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırdı

Futbol üzrə İspaniya millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Çexiyanı 2:0 hesabı ilə məğlub edib.

Arena.az xəbər verir ki, qolları 39-cu dəqiqədə penalti zərbəsindən Aleks Baena, 90+6-cı dəqiqədə isə Mark Pubil vurub.

Bu qələbə ilə İspaniya millisi özünün məğlubiyyətsizlik seriyası üzrə rekordunu yeniləyib. Komandanın ardıcıl məğlub olmadığı oyunların sayı 43-ə çatıb.

Beləliklə, ispanlar 2018-2021-ci illərdə Roberto Mançininin rəhbərliyi altında 37 matçda məğlub olmamış İtaliya millisinin rekordunu geridə qoyublar.

İspaniya millisi ilk turda İngiltərəni (3:2), ikinci və dördüncü turlarda Xorvatiyanı (4:1, 2:1), üçüncü turda isə Çexiyanı (3:1) məğlub edib.

15 xalla 3-cü qrupda lider olan İspaniya millisi UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib. Xalı olmayan Çexiya isə sonuncu – dördüncü pillədə qərarlaşıb.

İspaniya yığması həlledici turda İngiltərə millisini qəbul edəcək, Çexiya isə səfərdə Xorvatiya ilə qarşılaşacaq. Hər iki oyun noyabrın 15-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: