Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın Zaqreb şəhərində böyüklər arasında təşkil edilmiş qran-pridə bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı 4 cüdoçu təmsil edib.
52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva ilk görüşdə Xorvatiya təmsilçisi Tiheya Topolovetsə, 1/8 finalda isə Çin Taypeyi cüdoçusu Pin-Syun Tsengə qalib gəlib. Təmsilçimiz 1/4 finalda Macarıstanın nümayəndəsi Roza Gyertyasiyə məğlub olub.
Məmmədəliyeva təsəlliverici görüşdə Kosovo təmsilçisi Fatjona Kasapini məğlub edərək bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb. Cüdoçumuz həlledici görüşdə İtaliya təmsilçisi İlariya Finestroneyə qalib gələrək turniri üçüncü pillədə başa vurub.
66 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov isə ilk görüşdə Fransa təmsilçisi Daki Bubunu, 1/8 finalda İtaliya cüdoçusu Matteo Pirası, 1/4 finalda isə Mərakeş təmsilçisi Abderrahman Buşitanı məğlub edib. İmranov yarımfinalda Braziliya təmsilçisi Ronaldo Limaya uduzub. Lakin aldığı zədə səbəbindən bürünc medal uğrunda görüşə çıxmayıb.
Eyni çəkidə mübarizə aparan Turan Bayramov isə ilk görüşdə Almaniya təmsilçisi Florian Bekere məğlub olaraq mübarizəni dayandırıb.
60 kq çəki dərəcəsində çıxış edən Murad Muradlı ilk görüşdə Fransadan olan Luka Mxeydzeyə uduzub.
Zaqrebdə keçirilən qran-pri turniri noyabrın 15-dək davam edəcək. Yarışın ikinci günündə Azərbaycan millisinin heyətindən daha üç cüdoçu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq. Qadınlar arasında -70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/16 finalda ukraynalı Olha Tsimko ilə qarşılaşacaq. Kişilərin -73 kq çəki dərəcəsində isə Nəriman Mirzəyev 1/32 finalda finlandiyalı Valtteri Olinlə, Rüfət Şövlətov isə xorvatiyalı Luka Katiçlə üz-üzə gələcək.


