Uşanqi Kokauri “Böyük Dəbilqə”nin finalında uduzdu

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliklərində təşkil edilmiş “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.

Yarışın sonuncu günündə Azərbaycanın daha üç cüdoçusu tatamiyə çıxıb.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri ilk mərhələdən azad olub. O, ardınca Tacikistan təmsilçisi Şərifcon Nəzriyevə və BƏƏ-dən olan Məhəmməd Əl-Məhəmmədə qalib gələrək yarımfinala yüksəlib. Kokauri bu mərhələdə Gürcüstan cüdoçusu Sabo İnaneyşvilini də məğlub edib. Lakin finalda digər gürcüstanlı idmançı İrakli Demetraşviliyə uduzaraq gümüş medalla kifayətlənib.

Eyni çəki dərəcəsində çıxış edən Camal Həmzətxanov da ilk mərhələdən azad olub. O, növbəti görüşündə Sabo İnaneyşviliyə məğlub olaraq mübarizəni dayandırıb.

78 kq-dan yuxarı çəki dərəcəsində yarışan Mədinə Kaisinova ilk görüşündə Özbəkistan təmsilçisi İrishon Qurbanbayevanı üstələyib. O, 1/4 finalda Xorvatiya cüdoçusu Helena Vukoviçə uduzub. Təsəlliverici görüşdə Portuqaliya təmsilçisi Roşel Nuneşi məğlub edən idmançımız bürünc medal uğrunda qarşılaşmada İtaliya cüdoçusu Erika Smiqonettiyə yenilib.

Beləliklə, Azərbaycan cüdoçuları turniri 5 medalla (2 qızıl, 1 gümüş, 2 bürünc) başa vurublar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan millisi medal əyarına görə ümumi komanda hesabında birinci yeri tutub. Xorvatiya (2 qızıl, 1 bürünc) ikinci, Fransa (1 qızıl, 2 gümüş) isə üçüncü olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: