FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilmiş ilk U-15 dünya çempionatı və festivalını dəyərləndirib.
Arena.az xəbər verir ki, o bununla bağlı qurumun mətbuat xidmətinə açıqlama verib.
Venger yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
“Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi”.
Arsen Venger yarışın texniki səviyyəsini də yüksək qiymətləndirib:
“Bu format 11-in 11-ə oyunlarda tələb olunan səbri aradan qaldırır, çünki topu qazanan kimi dərhal təhlükəli hücum yaratmaq mümkündür. Bütün bunlar azarkeşlərin diqqətini cəlb edir və oyundan zövq almalarını təmin edir”.
Xatırladaq ki, Bakıda təşkil edilmiş U-15 dünya çempionatı və festivalının finalında İspaniya Çexiyanı 3:0 hesabı ilə üstələyərək turnirin qalibi olub.


