İtaliyanın “Milan” klubu Amerika Birləşmiş Ştatları millisinin yarımmüdafiəçisi Kristian Pulişiç ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanmış yeni uzunmüddətli müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Beləliklə, 28 yaşlı futbolçu Milan klubu ilə daha beş il birlikdə olacaq.
Xatırladaq ki, Kristian Pulişiç futbola “Pensilvaniya Klassiks”in heyətində qədəm qoyub və buradan Avropaya – Dortmund “Borussiya”sının akademiyasına yol tapıb. Buradan “Çelsi”yə icarəyə yollanmış amerikan hücumçu daha sonra tamhüquqlu əsasda “zadəganlar”a qoşulub. 2023-cü ilin iyulunda isə “Milan” 20 milyon avro məbləğ müqabilində Pulişiçi heyətinə qatıb. Pulişiçin “Milan”la əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Amerikalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Kristianın “Milan” karyerası ümumilikdə 142 oyun, 44 qol və 28 məhsuldar ötürmədən ibarətdir.
Kristian “Milan”ın heyətində İtaliya Super Kubokunun qalibi olub.
Pulişiçin qənimətlər muzeyində “Borussiya” ilə qazandığı Almaniya Kuboku və “Çelsi” ilə qalib gəldiyi UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klub Dünya Kuboku da var.
Pulişiç 2016-cı ilin mart ayında debüt etdiyi ABŞ yığmasının heyətində 90 oyun keçirib, 33 qol vurub, 23 məhsuldar ötürmə verib. Pulişiç “yankilər”lə 2 dəfə CONCACAF Millətlər Liqasını (2019/2020, 2022/2023) qazanıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı cinah hücumçusunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.


