Djioyev ilk dəfə DÇ-nin finalında!

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala yüksəlib.

Arena.az xəbər verir ki, mundialın yeddinci günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq-da finalçılar bəlli olublar.

Nürəddin Novruzov (61 kq) qazaxıstanlı Assil Aytəkinlə 1/8 final görüşündə son saniyədə rəqibinə xal verərək minimal fərqlə məğlub olub – 4:5.

Kənan Heybətov (70 kq) ukraynalı Vasil Şuptarı (8:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda amerikalı Zeyn Reterforda uduzub – 0:7.

Arseniy Djioyev (86 kq) Bəhreyn təmsilçisi Xıdır Saypudinovla (7:1) hindistanlı Puşpender Dalal (7:2) üzərində inamlı qələbə qazanıb. Yunanıstanın dünya və Avropa çempionu Georgios Kugiumtsidislə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibini 3:1 hesabıyla üstələyən Djioyev yarımfinala adlayıb. Arseniy finala gedən yolda gürcüstanlı Vladimeri Qamkrelidzeyə şans verməyib – 9:1. İlk dəfə böyüklər arasında dünya çempionatının finalına yüksələn güləşçimiz sabah həlledici görüşdə amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deyklə üz-üzə gələcək.

İkiqat Avropa çempionumuz, dünya çempionatının gümüş medalçısı Georgi Meşvildişvili (125 kq) monqolustanlı Nambardaqva Batbayaranı (10:0) vaxtından əvvəl xalçadan məyus yola saldıqdan sonra türkiyəli Hakan Büyükçınqıla 10:1 hesabıyla qalib gəlib. Yarımfinalda rusiyalı Abdulla Kurbanova (0:5) məğlub olan Georgi sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: