Azərbaycan millisi Bakıda təşkil edilmiş və ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Vyetnam yığması ilə qarşılaşıb və bu rəqibinə 2:4 hesabı ilə uduzub.
Azərbaycan millisinin heyətində Murad Məmmədzadə və Yusif Əlizadə fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 19-cu yer, ümumi reytinqdə isə 83-cü yer uğrunda mübarizə aparacaq. Komandamız son oyununu 30 oktyabr saat 11:30-da Hövsan Yarış Kompleksində Əfqanıstan yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığmamız Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Millimiz C Divizionunda (81-96-cı yerlər uğrunda) daha əvvəl Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1, Mozambiki isə 4:1 hesabı ilə məğlub edib.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.


