Neymar 3 oyunluq cəza aldı

“Santos”un ulduz hücumçusu Neymar futbol üzrə Braziliya çempionatında (A Seriyası) iki oyunluq diskvalifikasiya edilib.

Arena.az xəbər verir ki, Braziliya Ali İdman Tribunalının (STJD) intizam komissiyası oktyabrın 28-də keçirilən iclasda futbolçunun cəzalandırılması barədə qərar qəbul edib.

Cəzaya oktyabrın 24-də “Baiya” ilə oyunda baş verən insident səbəb olub. Qarşılaşma zamanı rəqib komandanın yarımmüdafiəçisi Rodriqo Nestорla mübahisə edən Neymar ağzını əli ilə örtüb. Hakimlər və intizam orqanları bu hərəkəti irqçi təhqirlərin qarşısının alınmasına yönəlmiş, “Vinisius protokolu” adlandırılan qaydaların pozulması kimi qiymətləndiriblər. Nəticədə braziliyalı hücumçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Tribunalın qərarına əsasən, iki oyunluq cəzanın biri birbaşa qırmızı vərəqəyə görə avtomatik diskvalifikasiyanı, digəri isə əlavə sanksiyanı əhatə edir. Bundan başqa, Neymar həmin qarşılaşmada sarı vərəqə də alıb və xəbərdarlıqların limitini keçib.

Beləliklə, 33 yaşlı futbolçu “Palmeyras” (28 oktyabr), “Braqantino” (2 noyabr) və “Koritiba” (18 noyabr) ilə oyunlarda komandasına kömək edə bilməyəcək. Onun noyabrın 22-də “Qremio”ya qarşı matçda meydana qayıtması gözlənilir.

“Santos”un hüquq departamenti qərardan apellyasiya şikayəti vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, əvvəlcə Neymarın altı oyuna qədər diskvalifikasiya edilə biləcəyi barədə məlumatlar yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: