“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində “Baku Sportinq”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu komandaların Gəncədə baş tutmuş görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azər Məmmədov matçdan sonra jurnalistlərə açıqlamasında əvvəlcə azarkeşlərə təşəkkür edib:
“Azərbaycanda kubok oyunlarında tamaşaçı sayının az olduğunu görürük. Amma bu gün Gəncə stadionunda azarkeşlərimiz bir daha göstərdilər ki, hər zaman “Kəpəz”in yanındadırlar. Dəstəklərinə görə onlara minnətdaram”.
Baş məşqçi görüşdə daha az oynayan futbolçulara şans verdiklərini bildirib:
“Bu gün çalışdıq ki, daha az vaxt qazanan futbolçulara, həmçinin zədədən qayıdan bəzi futbolçularımıza şans verək. Buna görə kubok oyunu bizim üçün yaxşı fürsət idi. Sevindirici haldır ki, Gəncə futbolunun yetirməsi olan beş futbolçu əsas heyətdə meydana çıxdı, daha biri isə sonradan oyuna daxil oldu. Daha çox yerli yetirməmizə şans verməyi planlaşdırırdıq, amma oyunun gedişi bizi başqa qərarlar verməyə məcbur etdi”.
Azər Məmmədov kubok matçlarının çətin keçdiyini vurğulayıb:
“Rəqibin hansı liqada çıxış etməsindən asılı olmayaraq, kubok oyunları həmişə çətin olur. İlk hissədə müəyyən çətinliklər yaşadıq, ikinci hissədə isə komandamızın istədiyimiz futbolu nümayiş etdirdiyini düşünürəm. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Qarşıda bizi Gəncədə daha vacib oyun gözləyir. Hazırlığa elə bu gündən başlayacağıq”.


