“Landau Lions” Avropa Kubokunda ilk qələbəsini qazandı

Azərbaycanın “Landau Lions” basketbol komandası Avropa Kubokunun 2026/27 mövsümünün G qrupunda növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda 4-cü tur çərçivəsində Bakıda Türkiyənin “Dənizli Basket” kollektivini qəbul edib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma təmsilçimizin 94:86 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun əsas vaxtı 80:80 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha üstün çıxış edən Azərbaycan təmsilçisi rəqibini 14:6 hesabı ilə üstələyərək qələbə qazanıb.

Qalib komandanın heyətində Ceyms Freyzer 41 xalla matçın ən məhsuldar basketbolçusu olub. De’Andre Cekson 13, Gediminas Orelik və Edvard Polayt hərəyə 11, Cordan Perkins və Arnas Sakenis isə hərəyə 8 xal toplayıblar. Kervin Uolton 2 xalla yadda qalıb.

Bu qələbədən sonra “Landau Lions”un hesabında 5 xal var. Azərbaycan təmsilçisi Danimarkanın “Bakken Birs” klubu ilə birlikdə qrupda ilk iki pilləni bölüşür. Portuqaliyanın “Benfika” və Türkiyənin “Dənizli Basket” komandalarının hərəyə 4 xalı var. İsveçrənin “Lions de Jenev” və Slovakiyanın “Prievidza” klubları isə 3 xalla sonrakı pillələrdə qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi əvvəlki turlarda “Lions de Jenev”ə evdə 83:105, “Prievidza”ya səfərdə 84:108, “Bakken Birs”ə isə səfərdə 88:91 hesabı ilə məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: