“Real” Mbappenin açıqlamasına görə Çin xalqından üzr istədi

“Real” fransalı hücumçu Kilian Mbappenin Çin lideri Mao Tszedunla bağlı açıqlamasının yaratdığı narazılığa görə Çin xalqından üzr istəyib.

Arena.az xəbər verir ki, klubun mətbuat xidməti bununla bağlı rəsmi bəyanat yayıb.

Hadisə Mbappenin müsahibələrinin birində sevimli meminin öz üzünün qrafik redaktə vasitəsilə Mao Tszedunun təsvirinə yerləşdirilməsi olduğunu söyləməsindən sonra baş verib. Bundan sonra Çinin bir sıra şirkətləri futbolçu ilə reklam əməkdaşlığını dayandırıb. Enerji içkiləri istehsalçısı “Dongpeng” və ölkənin iri süd məhsulları təchizatçılarından olan “Mengniu” müvafiq açıqlamalar yayıblar. Çin Mərkəzi Televiziyası isə Mbappenin iştirak etdiyi İspaniya çempionatı oyunlarının yayımını müvəqqəti dayandırıb.

“Real” bəyanatında Mbappenin sözlərinin Çin xalqında yarada biləcəyi narahatlığa görə təəssüfünü ifadə edib, klubun Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də milyonlarla çinli azarkeşə dərin hörmət bəslədiyini vurğulayıb. Madrid təmsilçisi futbolçunun ictimai üzrxahlığına qoşulduğunu və onun Çin xalqına hörmətini bir daha təsdiqlədiyini bildirib.

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qо Szyakun da Mbappenin üzrxahlığına münasibət bildirib. O, Pekinin futbolçunun üzr istəməsinə əhəmiyyət verdiyini desə də, bunun Çin təşkilatlarının tətbiq etdiyi boykotun yumşaldılmasına səbəb olub-olmayacağı barədə konkret açıqlama verməyib.

Çin Media Korporasiyası isə futbolçunun yalnız sözlərini deyil, sonrakı hərəkətlərini də qiymətləndirəcəyini bildirib. Qurum La Liqanın, Madrid klubunun və Mbappenin baş verənlərdən nəticə çıxaracağına, səmimi üzr istəyəcəklərinə və səhvlərini düzəldəcəklərinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, 27 yaşlı Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, daha əvvəl Fransanın “Monako” və PSJ klublarında oynayıb. Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan hücumçu 2022-ci il dünya çempionatının gümüş medalını da qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: