U-15 dünya çempionatı: Millimiz Çiliyə uduzdu

Azərbaycan milli komandası Bakıda təşkil edilmiş və ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatıb – 3:1.

Azərbaycan millisi növbəti mərhələdə Cəbəllütariq yığması ilə üz-üzə gələcək. Adıçəkilən komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub. Azərbaycan – Cəbəllütariq görüşü bu gün, saat 18:15-də başlayacaq.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığmamız Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da Azərbaycan millisi qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

U-15 dünya çempionatında 189 ölkənin FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: