Azərbaycan millisi Bakıda təşkil edilmiş və tarixdə ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllüttariq seçməsi ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində baş tutmuş görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb – 5:1. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə dubla imza atıb. Qafar Babayev, Müşfiq Zamanov və Yusif Əlizadə isə hərəyə bir qol vurublar.
Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri də izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu oktyabrın 29-da (saat 11:30-da) Hövsan Yarış Kompleksində Mozambik yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Komanda C divizionundakı ilk matçında Çiliyə 1:3 hesabı ilə məğlub olub. Yığmamız AF qrupunda Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığmamız qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycanın millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın U-15 dünya çempionatı çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.


