Harri Keyn: “Qızıl top” karyeramda ən böyük mərhələdir”

“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatını qazanmasından sonra ilk təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, ingiltərəli futbolçu sosial şəbəkə hesabında video paylaşaraq bu mötəbər mükafata layiq görülməsinə münasibət bildirib.

“France Football” jurnalının təşkil etdiyi mükafatlandırma mərasimində Harri Keyn bütün rəqiblərini qabaqlayıb. “Real”ın hücumçusu Kilian Mbappe ikinci, “Barselona”nın vingeri Lamin Yamal isə üçüncü yeri tutub.

Keyn mükafatı qazanmağın onun üçün gerçəkləşən böyük arzu olduğunu vurğulayıb:

“Hamıya salam! Son 24 saatda baş verənlərə qısaca nəzər salmaq istəyirəm. Bunlar inanılmaz 24 saat idi! Gördüyünüz kimi, burada 2026-cı ilin “Qızıl top”u var. Möhtəşəm gecə idi. Mərasimin Londonda keçirilməsi, bütün azarkeşlərimin, dostlarımın və ailəmin orada olması bunu daha da xüsusi etdi. Belə mötəbər mükafata layiq görülmək ən cəsarətli arzularımı belə üstələyirdi.

Səhnədə bu nöqtəyə çatmaq üçün çəkdiyim zəhmətdən və etdiyim fədakarlıqlardan danışdım. Zirvəyə yüksəlmək üçün böyük dözüm və qətiyyət nümayiş etdirməli idim. Hazırda dünyanın ən yaxşı futbolçusu adlandırılmağım ağlasığmazdır. Hələ də baş verənləri dərk etməyə çalışıram.

Sosial şəbəkələrdə azarkeşlərdən və insanlardan çoxlu dəstək mesajları almışam. Küçədə də məni təbrik edirlər. Bu cür sözləri eşitmək həqiqətən xüsusi hissdir.

Bu mükafat karyeramda böyük mərhələdir və mənim üçün çox əlamətdar məqamdır. Eyni zamanda, daha böyük uğurlara can atmaq, necə inkişaf edə biləcəyimizi və bizi nələrin gözlədiyini görmək üçün əlavə motivasiyadır.

“Bayern”də olan hər kəsə, komanda yoldaşlarıma və bütün əməkdaşlara təşəkkür edirəm. Millimizin heyətində mənə kömək edən futbolçulara, məşqçilərə və digər əməkdaşlara da minnətdaram. Bu, böyük komanda işidir. Heç birinizin dəstəyi olmadan buna nail olmaq mümkün olmazdı.

İndi dincəlmək, sakitləşmək və baş verənləri anlamağa çalışmaq istəyirəm. Ümid edirəm ki, gələn mesajların bəzilərinə də cavab verə biləcəyəm”, deyə Harri Keyn vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: