Futzal üzrə ölkə çempionu “Araz-Naxçıvan”ın hücumçusu Oqtay Rüstəmli Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Uypeşt”ə (Macarıstan) qarşı keçirilən oyunda het-trik etmiş, “Buba Mara”nı (Bosniya və Herseqovina) isə bir qolla cəzalandırmış futzalçı bu oyunlarla bağlı fikirlərini bölüşüb.
Oqtay Rüstəmli bu matçları belə dəyərləndirib:
“Uypeşt”lə oyun kifayət qədər maraqlı keçdi. Həm atmosfer, həm də komandaların nümayiş etdirdiyi oyun baxımından bunu deyirəm. Üstün tərəf biz idik, yaratdığımız qol epizodlarının da əksəriyyətini realizə etdik və yekunda qələbə qazandıq. Hesab da göstərir ki, Macarıstan çempionu ilə görüşümüz kifayət qədər çətin, gərgin keçdi. Həmin matçda het-trik etdim və UEFA bayrağı altında keçirilən oyunda bunu aktivinə yazdırmağı hər bir futzalçıya arzulayıram. Düzdür, vacib olan komandanın uğur qazanmağıdır, vurduğum qollar da bunu əldə etməyimizə çox kömək oldu. Het-triki komanda yoldaşım da etsəydi, özüm qədər sevinərdim.
“Buba Mara”ya məğlubiyyətə gəldikdə, “Uypeşt”lə matçdakından daha çox qol epizodu yaratmışdıq, təəssüf ki, cəmi 3-nü reallaşdıra bildik. Halbuki, daha çox qol vurmalı idik. Rəqib bizdən üstün deyildi, sadəcə onlar imkanlarını düzgün qiymətləndirdilər. Qol vursam da, qələbə qazana bilmədiyimizə görə məyus oldum.
Şanslar davam edir. Turnir cədvəlinə baxsaq. Hər bir komandanın lider olmaq şansının davam etdiyini görərik Son turun oyunları bu baxımdan gərgin keçəcək. Təbii ki, çalışacağıq ki, 1/8 finala yüksələn komanda “Araz-Naxçıvan” olsun”.


