Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Espanyol” komandasının baş məşqçisi Manolo Qonsales istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Barselona təmsilçisinin rəsmi saytı məlumat yayıb.
47 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Çempionatda uğursuz mövsüm keçirən Kataloniya təmsilçisi ölkə kubokunun 1/32 final mərhələsində də 4-cü divizion klubu “Sestao”ya 3:4 hesabı ilə uduzub.
Xatırladaq ki, Manolo Qonsales 2024-cü ilin martından “Espanyol”un baş məşqçisi vəzifəsində çalışırdı. O, üç mövsümdən çox müddətdə rəhbərlik etdiyi komandanı 107 rəsmi oyuna çıxarıb.
Sentyabrın 7-də “Sevilya” ilə oyunda “Espanyol”un baş məşqçisi kimi 100-cü rəsmi matçına çıxan Qonsales klub tarixində bu göstəriciyə çatan doqquzuncu mütəxəssis olub. O, həmçinin Maurisio Poçettinodan sonra bu həddi keçən ilk baş məşqçi kimi tarixə düşüb.
“Espanyol”un prezidenti Alan Peys və klubun İdarə Heyəti Qonsalesə göstərdiyi peşəkarlığa, fədakarlığa və əməyə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, sözügedən komanda La Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
“Espanyol” Manolo Qonsalesin gedişindən sonra əsas komandanın idarəçiliyini müvəqqəti olaraq Serxio Qarsiyaya həvalə edib. Klubun sabiq futbolçusu və cari mövsümdən “Espanyol”un B komandasının məşqçisi olan Qarsiya çərşənbə günü əsas komandanın məşqinə rəhbərlik edib.
O, oktyabrın 30-da La Liqanın növbəti turunda “Vilyarreal”a qarşı keçiriləcək oyunda komandanı meydana çıxaracaq.


