Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Arena.az xəbər verir ki, yarışın dördüncü günündə yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.
Nihat Məmmədli (63 kq) həlledici görüşə 4 xallıq fəndlə başlayaraq ilk dəqiqələrdən üstünlük əldə edib. Lakin qarşılaşmanın sonrakı dəqiqələrində ermənistanlı Karen Aslanyan hesabda önə keçərək 8:4 hesabıyla qalib gəlib. Bununla da Məmmədli dünya çempionatının gümüş medalını qazanıb.
Həsrət Cəfərov (67 kq) isə bürünc medal uğrunda mübarizədə qazaxıstanlı Bağdat Sabaza 5:8 fərqiylə uduzub.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri Astanada keçirilən dünya çempionatını ikinci sırada başa vurublar. 2 qızıl və 1 gümüş medal qazanan millimiz komanda hesabında 104 xal toplayaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
İran millisi 192 xalla birinci, Özbəkistan isə 80 xalla üçüncü olub.
Xatırladaq ki, millinin baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Rəsul Cəzini və Bəhruz Həzrətipurun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.


