Futbol üzrə İngiltərə milli komandasının və Almaniyanın “Bayern” klubunun hücumçusu Harri Keyn “Qızıl top” mükafatına layiq görülüb.
Arena.az xəbər verir ki, bu gecə Fransanın nüfuzlu “France Football” jurnalının təşkilatçılığı ilə keçirilən “Qızıl top” mükafatlandırma mərasimi baş tutub.
Mövsümün ən yaxşı futbolçularının, məşqçilərinin, qapıçılarının və klublarının mükafatlandırıldığı təntənəli mərasim İngiltərənin paytaxtı Londonda, “Palladium” teatrında keçirilib.
Bu ilki tədbir mükafatın tarixində xüsusi əhəmiyyət daşıyıb. Belə ki, “Qızıl top”un təqdimetmə mərasimi ilk dəfə Fransadan kənarda təşkil olunub. Təşkilatçılar məkan seçimində mükafatın tarixinə hörmət göstərərək 1956-cı ildə ilk “Qızıl top”un sahibi olmuş ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzun vətəninə üstünlük veriblər.
Harri Keyn “Qızıl top”un sahibi oldu
İngiltərə millisinin və Münhen “Bayern”inin hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb. Dünyanın ən yaxşı futbolçusuna təqdim olunan simvolik mükafatı ona bu mükafatı iki dəfə qazanmış braziliyalı əfsanəvi hücumçu Ronaldo təqdim edib.
Beləliklə, Harri Keyn dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından birinin sahibi kimi tarixə düşüb.
Qeyd edək ki, “Qızıl top” 1956-cı ildən təqdim olunur. İlk illərdə mükafatı yalnız Avropa ölkələrindən olan futbolçular qazana bilirdilər. 1995-ci ildə qaydalar dəyişdirilərək Avropa klublarında çıxış edən istənilən millətin nümayəndələrinə namizəd olmaq hüququ verilib. Həmin il mükafatı Liberiya millisinin hücumçusu Corc Vea qazanıb. 2007-ci ildən isə dünyanın istənilən ölkəsinin klubunda çıxış edən futbolçular “Qızıl top”a namizəd göstərilə bilərlər.
Aleksa Putelyas üçüncü dəfə ilin ən yaxşı qadın futbolçusu seçildi
Qadın futbolçular arasında “Qızıl top”un qalibi ispaniyalı Aleksia Putelyas olub. 32 yaşlı yarımmüdafiəçi bu mükafatı karyerasında üçüncü dəfə qazanıb. O, daha əvvəl 2021 və 2022-ci illərdə də dünyanın ən yaxşı qadın futbolçusu seçilmişdi.
Putelyas ötən yay “Barselona”dan ayrılaraq İngiltərənin “London City” klubuna keçib. O, Kataloniya təmsilçisinin heyətində keçirdiyi 14 il ərzində 10 dəfə İspaniya çempionluğunu və İspaniya Kubokunu qazanıb, dörd dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
İspaniya millisinin heyətində də mühüm uğurlara imza atan futbolçu 2023-cü ildə dünya çempionu olub, 2024 və 2025-ci illərdə Millətlər Liqasını qazanıb. O, həmçinin 2025-ci ildə keçirilən Avropa çempionatının finalına yüksələn İspaniya yığmasının heyətində yer alıb.
Xatırladaq ki, qadın futbolçular üçün “Qızıl top” mükafatı 2018-ci ildən təqdim olunur. Putelyasdan əvvəl norveçli Ada Heqerberq, amerikalı Meqan Rapino, ispaniyalı Aytana Bonmati də bu mükafata layiq görülüblər.
Unai Simon Lev Yaşin mükafatını qazandı
2025/26 mövsümünün ən yaxşı qapıçısı adına İspaniya millisinin və Bilbao “Atletik”inin qapıçısı Unai Simon layiq görülüb. O, əfsanəvi qapıçı Lev Yaşinin adını daşıyan mükafatın sahibi olub.
29 yaşlı qolkiperin bu mükafata layiq görülməsində dünya çempionatındakı çıxışı mühüm rol oynayıb. Simon turnirdə keçirdiyi səkkiz oyunun yeddisində qapısını toxunulmaz saxlayıb, yalnız bir qol buraxaraq yarışın rekorduna imza atıb.
Simon karyerasının böyük hissəsini Bilbao “Atletik”ində keçirib. Klub səviyyəsində İspaniya Super Kubokunu (2021) və İspaniya Kubokunu (2024) qazanan qapıçı milli komanda ilə də böyük uğurlar əldə edib. O, İspaniya yığmasının heyətində 2023-cü ildə Millətlər Liqasının, 2024-cü ildə isə Avropa çempionatının qalibi olub.
Lev Yaşin mükafatı “France Football” tərəfindən 2019-cu ildə təsis edilib. Bu mükafatın tarixində braziliyalı Alisson, italiyalı Canluici Donnarumma, belçikalı Tibo Kurtua və argentinalı Emiliano Martines kimi qapıçılar da qalib olublar. Yaşin isə tarixdə “Qızıl top”u qazanmış yeganə qapıçı olaraq qalır. O, bu uğura 1963-cü ildə nail olub.
Luis de la Fuente mövsümün ən yaxşı məşqçisi seçildi
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2025/26 mövsümünün ən yaxşı məşqçisi adına layiq görülüb.
65 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya millisi dünya çempionatında ikinci dəfə qızıl medallara sahib çıxıb. İspanlar bundan əvvəl 2010-cu ildə Visente del Boskenin rəhbərliyi altında dünya çempionu olmuşdular.
De la Fuentenin komandası həmçinin ardıcıl məğlubiyyətsiz oyunların sayını 42-yə çatdıraraq milli komandalar səviyyəsində rekord müəyyənləşdirib.
Mütəxəssis 2022-ci ildən İspaniya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2023-cü ildə Millətlər Liqasını, 2024-cü ildə isə Avropa çempionatını qazanıb.
De la Fuente daha əvvəl İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çalışıb. O, 2015-ci ildə 19 yaşadək futbolçulardan ibarət komandanı, 2019-cu ildə isə 21 yaşadək futbolçulardan ibarət yığmanı Avropa çempionluğuna daşıyıb.
Lamin Yamal ardıcıl üçüncü dəfə ən yaxşı gənc futbolçu oldu
“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal “Kopa” mükafatının qalibi elan edilib. 19 yaşlı futbolçu bu mükafatı ardıcıl üçüncü dəfə qazanaraq daha bir tarixi uğura imza atıb.
Yamal 2025/26 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 24 qol vurub və 18 məhsuldar ötürmə verib. O, Kataloniya klubu ilə İspaniya çempionluğunu və İspaniya Super Kubokunu qazanıb, UEFA Çempionlar Liqasında isə komandanın heyətində dörddəbir finala qədər irəliləyib.
İspaniya millisinin heyətində dünya çempionu olan gənc hücumçu mundialda yeddi oyunda iştirak edib və bir qol vurub.
21 yaşadək futbolçular arasında mövsümün ən yaxşısına təqdim olunan “Kopa” mükafatı 2018-ci ildə təsis edilib. Yamal bu mükafatı ən azı iki dəfə qazanan ilk futbolçu kimi də tarixə düşüb. Əvvəlki qaliblər arasında Kilian Mbappe, Pedri və Qavi də var.
Mərasim 50 dəqiqə gec başladı
“Qızıl top-2026”nin təqdimetmə mərasimi nəzərdə tutulan vaxtdan 50 dəqiqə gec başlayıb. Tədbirin Bakı vaxtı ilə saat 00:00-da başlanması planlaşdırılsa da, mərasimin keçiriləcəyi ərazidə yaranan tıxaclar və böyük insan sıxlığı səbəbindən proqram təxirə salınıb.
Buna baxmayaraq, Londonun “Palladium” teatrında təşkil olunan gecə dünya futbolunun ən böyük ulduzlarını bir araya gətirib. Mərasimdə mövsümün ən yaxşı futbolçuları ilə yanaşı, qadın futbolunun, gənc oyunçuların, qapıçıların və məşqçilərin də uğurları qeyd olunub.
“Qızıl top”un ilk dəfə Fransadan kənarda təqdim edilməsi mərasimin əsas yeniliklərindən biri olub. Təşkilatçılar Londonu seçməklə mükafatın 70 illik tarixinə və ilk qalibi Stenli Metyuzun irsinə ehtiramlarını bildiriblər.
1956-cı ildə təsis edilən “Qızıl top” bu gün fərdi futbol mükafatları arasında ən nüfuzlularından biri hesab olunur. Hər il “France Football” tərəfindən təşkil edilən səsvermə futbolçuların mövsüm ərzindəki çıxışlarını, fərdi nailiyyətlərini və komandalarının uğurlarını nəzərə alır.
Beləliklə, 2026-cı il mərasimi həm Harri Keynin əsas mükafatı qazanması, həm Aleksia Putelyasın qadınlar arasında üçüncü dəfə qalib gəlməsi, həm də Londonun ilk dəfə ev sahibliyi etməsi ilə yadda qalıb.


