Xavi Espart “Sabah”la oyunu buraxacaq


“Barselona”nın futbolçusu Xavi Espart Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olduğunu açıqlayıb.

Ötən gecə “Real”a 1:2 hesabı ilə uduzduqları La Liqa matçında sıradan çıxmış oyunçu təxminən yeddi həftə yaşıl meydandalardan kənarda qalacaq. O, sağ topuğundan xəsarət alıb.

Xatırladaq ki, Liqa mərhələsinin “Sabah” – “Barselona” oyunu noyabrın 15-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Kataloniya təmsilçisinin öz yetirməsi olan Xavi Espart 2015-ci ilin yayında “Barselona”nın “La Masia” akademiyasına qoşulub. O, əsas komandada debütünü 2026-cı ilin martında, Hansi Flikin rəhbərliyi altında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Nyukasl”la səfər oyununda edib.

İspaniyalı futbolçu 2025/2026-cı illər mövsümündə əsas komandanın heyətində ümumilikdə 6 oyun keçirib, 2026/2027-ci illər mövsümünün əvvəlində isə əsas komandanın hazırlıq prosesinə qoşulub. Avqustun 27-də onun əsas komandanın daimi üzvü olduğu rəsmən təsdiqlənib.

Espart cari mövsümdə indiyə qədər 9 oyunda meydana çıxıb. O, bu müddətdə “Barselona”nın heyətində 2 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənc müdafiəçinin indiyədək qazandığı əsas titul 2025/2026-cı illər mövsümündə İspaniya La Liqasının çempionluğudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: