“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes “Real”ın İspaniya çempionatında hakimliklə bağlı davamlı narazılığına münasibət bildirib.
Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu qarşıdakı “el klasiko” öncəsi açıqlamasında komandasının hakimlik müzakirələrinə qoşulmadığını, öz səviyyəsini meydanda göstərməyə üstünlük verdiyini vurğulayıb.
İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” qarşılaşması oktyabrın 25-də “Kamp Nou” stadionunda baş tutacaq.
Lopes Madrid təmsilçisinin hakimlərlə bağlı davamlı açıqlamalarının mübahisələri daha da alovlandırdığını bildirib:
“Biz hakimlərlə bağlı mübahisələrə qoşulmuruq. Hər şeyi düzgün edirik: qalib gəlir və “Barselona”nın təmsil etdiyi dəyərləri nümayiş etdiririk. İrəliyə doğru hərəkət etməyə davam etməliyik. Əgər onlar bu cür ritorikadan istifadə edirlərsə, bu, yalnız mübahisələri qızışdırır. Onların hakimlərlə bağlı ritorikası artıq bezdirib. Biz isə əsl səviyyəmizi meydanda göstəririk”, – deyə Fermin Lopes Caze TV-yə açıqlamasında bildirib.
Qeyd edək ki, “el klasiko” İspaniya futbolunun ən prinsipial qarşılaşmalarından biridir. Bu dəfəki görüş də çempionluq mübarizəsi baxımından xüsusi əhəmiyyət daşıyır.


