Çin şirkətləri Fransa millisinin və İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappe ilə reklam müqavilələrini ləğv etməyə başlayıblar.
Arena.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, enerji içkiləri istehsalçısı “Dongpeng” və Çinin ən böyük süd məhsulları təchizatçılarından biri olan “Mengniu” fransalı futbolçu ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar.
“Dongpeng” şirkətinin bəyanatında bildirilib:
“Şirkətimiz milli hissləri təhqir edən istənilən hərəkətə qəti şəkildə qarşı çıxır və belə hallara qarşı sıfır tolerantlıq nümayiş etdirir. Bu gündən etibarən Kilian Mbappe ilə bütün əməkdaşlığımızı dayandırırıq”.
“Mengniu” şirkəti də Çin xalqının hisslərini təhqir edən söz və hərəkətlərə qarşı olduğunu vurğulayaraq futbolçu ilə müqavilələrə xitam verildiyini açıqlayıb.
Məlumata görə, qalmaqala Mbappenin müsahibələrinin birində sevimli meminin öz üzünün qrafik redaktə vasitəsilə naməlum “Çin diktatoru”nun üzərinə yerləşdirilmiş təsviri olduğunu deməsi səbəb olub.
Son bir il ərzində futbolçuya internetdə “Diktator” ləqəbi ilə də müraciət edilir. Bəzi azarkeşlər onun “Real”da və Fransa millisində baş verən proseslərə böyük təsir göstərdiyini düşünürlər.


