Vozinya: “DÇ-dən sonra rahatlığımı və dincliyimi itirmişəm”

Kabo Verde millisinin qapıçısı Vozinya dünya çempionatından sonra qazandığı böyük məşhurluğun onun şəxsi həyatına ciddi təsir etdiyini bildirib.

Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper bu barədə “The Observer”ə açıqlamasında danışıb:

“Mən rahatlığımı və dincliyimi itirmişəm. Artıq şəxsi həyatım yoxdur. İndi küçəyə çıxanda və ya restorana gedəndə həmişə məndən şəkil və ya avtoqraf istəyən biri olur. Daha pis hal isə kiminsə gizlicə məni videoya çəkməsidir.

Düzünü desəm, indiki həyatımla əvvəlki həyatım arasında seçim etməli olsaydım, əvvəlki həyatımı seçərdim”.

Qeyd edək ki, Kabo Verde millisi dünya çempionatının qrup mərhələsində turnirin gələcək qalibi İspaniya ilə 0:0 hesablı heç-heçə edib. Həmin görüşdə Vozinya qapısına çərçivə daxilində vurulan 7 zərbənin qarşısını alıb və matçın ən yaxşı oyunçusu seçilib.

Veteran qapıçının etibarlı oyunu Kabo Verdenin H qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlməsinə kömək edib. Komanda 1/16 finalda əlavə vaxtda gələcək finalçı Argentinaya 2:3 hesabı ilə uduzub.

Vozinya azarkeşlərin səsverməsi ilə DÇ-2026-nın rəmzi yığmasına daxil olub. Onun şəxsi bloqunun izləyici sayı isə qapıçılar arasında tarixi rekord müəyyənləşdirərək 28 milyon həddini keçib.

Dünya çempionatındakı çıxışından sonra Vozinya karyerasında növbəti addımı atıb. Portuqaliyanın “Şaveş” klubunun sabiq qapıçısı turnirdən sonra Çilinin “Kolo-Kolo” klubu ilə tamhüquqlu müqavilə imzalayıb.

Bundan başqa, 40 yaşlı qolkiper “Qızıl top” mükafatı çərçivəsində dünyanın ən yaxşı qapıçısına təqdim olunan Lev Yaşin mükafatına namizəd göstərilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: