“İnter Mayami” klubunun şəriklərindən olan əfsanəvi futbolçu Devid Bekhem 2027-ci ildə ABŞ Futbolunun Milli Şöhrət Zalına daxil ediləcək.
Arena.az xəbər verir ki, Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) mətbuat xidməti yeni üzvlərin Şöhrət Zalına qəbul mərasiminin 16 aprel 2027-ci ildə Dallasdakı stadionlardan birində keçiriləcəyini açıqlayıb.
İngiltərə millisinin sabiq kapitanının Şöhrət Zalına daxil edilməsi ilə bağlı MLS komissarı Don Qarber onun Şimali Amerikada futbolun populyarlaşmasındakı tarixi rolunu xüsusi qeyd edib.
“Milli Futbol Şöhrət Zalı bu idman növünün inkişafına böyük töhfə verən futbolçuları və digər şəxsləri təltif edir. Sizi Milli Futbol Şöhrət Zalında salamlamaq mənim üçün böyük şərəfdir. Təbrik edirəm, Devid”, – deyə Qarber bildirib.
Devid Bekhem 2007-ci ilin yayında ABŞ-a köçərək “Los Anceles Qalaksi” ilə tarixi müqavilə imzalayıb. İngiltərəli futbolçu 2012-ci ilədək Kaliforniya klubunda çıxış edib və 2011, 2012-ci illərdə iki dəfə MLS çempionu olub.
Dünya futbolunun məşhur ulduzlarından birinin ABŞ-a gəlişi MLS-in inkişafında, liqaya beynəlxalq marağın və sponsorların diqqətinin artmasında dönüş nöqtələrindən biri hesab olunur.
Karyerasını başa vurduqdan sonra da Bekhem ABŞ futbolunda fəaliyyətini davam etdirib. O, 2018-ci ildə 2020-ci ildən MLS-də çıxış edən “İnter Mayami”nin şəriki və prezidenti olub.


