Türkiyənin “Trabzonspor” klubunun cinah hücumçusu Məhəmməd Salah Misir milli komandasının tarixində ən çox qol vuran futbolçu olub.
Arena.az xəbər verir ki, 34 yaşlı hücumçu bu rekordu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə ev oyununda müəyyənləşdirib.
Misir yığması görüşdə 5:0 hesabı ilə qalib gəlib. Salah komandasının son iki qolunu vurub. O, əvvəlcə 84-cü dəqiqədə fərqlənib, daha sonra 90+5-ci dəqiqədə penaltidən hesabı dəyişib.
Bununla da Salahın Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, əvvəlki rekordçu, 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi olmuş Hossam Hassanın göstəricisini geridə qoyub. Hassan 176 oyunda 69 qola imza atıb.
Qeyd edək ki, Məhəmməd Salah 2026-cı ilin yayında İngiltərə “Liverpul”undan Türkiyənin “Trabzonspor” klubuna keçib. O, 2017-ci ilin yayından “Liverpul”un formasını geyinirdi.
Misirli futbolçu İngiltərə klubunun heyətində müxtəlif turnirlərdə ümumilikdə 442 oyuna çıxıb, 257 qol vurub və 123 məhsuldar ötürmə edib. Salah “Liverpul”un tarixində ən yaxşı bombardirlər siyahısında üçüncü pillədə qərarlaşıb. O, yalnız uelsli hücumçu Yan Raşdan (339 qol) və ingiltərəli forvard Rocer Hantdan (280) geri qalır.
Salah “Liverpul”la İngiltərə çempionu, UEFA Çempionlar Liqasının, İngiltərə Kubokunun, İngiltərə Super Kubokunun, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. O, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.


