Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasında Vadutsda baş tutmuş görüş millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfrasında bunları söyləyib:
“Lixtenşteyn bizimlə ilk oyunda xal almışdı. Bu dəfə rəqibin daha inamlı çıxış edəcəyini gözləyirdik. Eyni sistem, eyni sıx müdafiə ilə üzləşsək də, erkən qol vurmaq istəyirdik. Əslində tez qol da vurduq. İlk dəqiqələrdə epizod yaratdıq. Qapı dirəyindən qayıdan toplar var idi. İstər-istəməz futbolçularda bir az tələskənlik, qazanmaq hirsi çox idi, bu da bizə mane olurdu. Hücumlarımızı rahat sonlandıra bilmirdik. Bu turnirdə qarşımıza qoyduğumuz məqsəd var idi – birinci olmaq istəyirdik. Bu, bizim üçün vacib idi. Çünki nə qədər D Liqası gələn mövsüm olmasa da, biz istəyirdik ki, C Liqasına qalib kimi yüksələk. Uşaqlara təşəkkür edirəm. Çempionatın stresli, gərgin vaxtında milli komandaya kökləndilər və qalib gəldik. Qarşıda Andorra ilə yoxlama matçı var. Həmin oyunda hər kəsə şans verməyə çalışacağıq. Çünki yeni gələn oyunçularımız da var. Onlar milli komandanı hiss etməlidirlər”.
Mütəxəssis Millətlər Liqasında keçirilən 4 oyunda onu təəssüfləndirən məqamlar barədə danışarkən bunları vurğulayıb:
“Hər oyundan sonra təhlillər olur. Litvadakı matçda qalib gəlməli idik. Orda komanda yaxşı çıxış etmişdi. Qol epizodlarımız oldu. Biz nadir hallarda oturuşmuş müdafiəyə qarşı oynayırıq. Hər dəfə rəqiblər bizdən üstün olur. Litva ilə matçda oyun ortada gedirdi. Yenə də son ötürmələr çatmadı. Bunu da psixoloji gərginliklə əlaqələndirirəm. Litva ilə oyunda qalib gələ bilərdk. Amma hər işdə bir xeyir var idi. Turnir başlamamışdan əvvəl format başqa cür idi. Pley-off məsələsi sonradan oldu”.
Ayxan Abbasov: “Futbolçulara iradlarımız olacaq”
Ayxan Abbasov 88-ci dəqiqəyə qədər cəmi bir əvəzetmədən istifadə etməsinə belə münasibət bildirib:
“Ehtiyatda yaxşı oyunçularımız var idi. Sadəcə oyunun gedişinə uyğun Rüfət Abdullazadəni meydana buraxdıq. Bundan sonra istədiyimiz hücumlar başladı. Bir qədər gözləyirdik. Sonradan Xəyal və Telluru oyuna qoşduq. Rüfət Abbasov və Toral Bayramov yorulmuşdular. Bizə zərbələr lazım idi. Toralın yaxşı zərbələri var. Ona görə də onu meydanda çox saxladıq”.
Ayxan Abbasov matçda narazı qaldığı məqamları da açıqlayıb:
“Oyuna baxacağıq. Udduğumuz matçlarda da futbolçulara iradlar olur. Ötən görüşdə Litvaya qalib gəlsək də, səhvlər var idi. Bəzi futbolçular həmin matçda zəif oynadıqları üçün bu toplanışa dəvət almadılar. Təbii ki, bu oyunla bağlı da iradlarımız olacaq. Bu dəfə hücumda kəsərli olmadıq, problem bitiriciliklə bağlı idi”.


